Press release
14 Jul 2026  | Baku, Azerbaijan

MHBS 18 “Maliyyə hesabatlarında təqdimat və açıqlama”: İlk baxışda nəzərə çarpmayan dəyişikliklər

Press Contact

“Maliyyə hesabatlarında təqdimat və açıqlama” adlı 18 saylı MHBS standartı 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minəcəkdir. 1 saylı “Maliyyə hesabatlarının təqdimatı” adlı MUBS standartını əvəz etməklə yanaşı bu standart digər MHBS standartlarına da mühüm dəyişikliklər edəcəkdir. 

Yeni standart maliyyə hesabatlarının strukturu, maliyyə nəticələri haqqında hesabatın təqdimatı və məlumatların açıqlanması ilə bağlı vahid tələblər müəyyən edir. Standartın məqsədi MHBS-lərə uyğun hazırlanan maliyyə hesabatlarının müqayisəliliyini, şəffaflığını və istifadəçilər üçün faydalılığını artırmaqdır.

Maliyyə nəticələri haqqında hesabatın strukturunda bütün təşkilatlara təsir göstərəcək və onun hazırlanması ilə bağlı mövcud yanaşmaların yenidən nəzərdən keçirilməsini tələb edəcək mühüm dəyişikliklərlə yanaşı, MHBS 18 maliyyə hesabatlarının hazırlanmasına təsir göstərən, ilk baxışdan nəzərə çarpmayan bir sıra digər yenilikləri də ehtiva edir. Belə dəyişikliklərin bəzi nümunələri aşağıda təqdim olunur.

  • Maliyyə nəticələri haqqında hesabatın terminologiyası və tərkibi
    MHBS 18 əvvəllər istifadə olunan “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat” terminini əvəz edərək standart “Maliyyə nəticələri haqqında hesabat” adını tətbiq edir.

    Eyni zamanda, standart dəqiqləşdirir ki, maliyyə nəticələri haqqında hesabat həm mənfəət və ya zərəri, həm də digər məcmu gəliri əhatə edir və bu hesabatın təqdim edilmə formaları dəyişməz olaraq qalır. Əvvəllər olduğu kimi, müəssisə maliyyə nəticələri haqqında hesabatının təqdim edilməsi üçün aşağıdakı formalardan birini seçə bilər:
    • həm mənfəət və ya zərərə, həm də digər məcmu gəlirə dair məlumatları əhatə edən iki bölmədən ibarət vahid hesabat forması; və ya
    • iki ayrı hesabat forması: mənfəət və ya zərər haqqında hesabat və digər məcmu gəlir haqqında hesabat.
       
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat üçün başlanğıc göstərici (Dolayı metod)
    MHBS 18-in tətbiqi ilə əlaqədar olaraq, pul vəsaitlərinin hərəkəti haqqında hesabatın strukturunu maliyyə nəticələri haqqında hesabatın strukturu ilə uyğunlaşdırmaq məqsədilə MUBS 7-yə müvafiq dəyişikliklər edilmişdir. Nəticədə, dolayı metodu tətbiq edən müəssisələr üçün əməliyyat mənfəəti və ya zərəri pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtibində məcburi başlanğıc göstərici kimi müəyyən edilmişdir, halbuki əvvəllər standart bu göstəricinin seçilməsi ilə bağlı müəssisələrə müəyyən çeviklik təqdim edirdi.

    Bu dəyişiklik dolayı metodu tətbiq edən müəssisələrdən pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması proseslərinə yenidən baxmağı tələb edəcəkdir.

  • Rəhbərlik tərəfindən müəyyən edilmiş performans göstəriciləri
    MHBS 18 ilk dəfə olaraq rəhbərlik tərəfindən müəyyən edilmiş performans göstəricilərinin açıqlanmasına dair tələblər müəyyən edir.

    Bu performans göstəriciləri:
    • maliyyə hesabatlarından kənarda ictimaiyyətə açıqlanan məlumatlarda istifadə olunur;
    • MHBS 18 və ya digər MHBS-lər tərəfindən açıq şəkildə müəyyən edilmiş yekun və ya aralıq yekun göstəricilər deyil;
    • müəssisənin maliyyə və ya əməliyyat fəaliyyətinin nəticələrinə dair rəhbərliyin baxışını əks etdirir.

Rəhbərlik tərəfindən müəyyən edilmiş performans göstəriciləri kimi qiymətləndirilə bilən göstəricilərə düzəliş edilmiş EBITDA, düzəliş edilmiş əməliyyat mənfəəti və düzəliş edilmiş mənfəət və ya zərər kimi göstəricilər aid edilə bilər.

Rəhbərlik tərəfindən müəyyən edilmiş performans göstəriciləri hesab edilməyən göstəricilərə isə əməliyyat mənfəəti, EBITDA, sərbəst pul axınları, kapitalın gəlirliliyi və xalis borc kimi göstəricilər daxildir.

  • Əhəmiyyətlilik prinsipinin tətbiqi
    Əhəmiyyətlilik prinsipi MHBS-lərdə (o cümlədən MUBS 1-də və Maliyyə Hesabatlılığının Konseptual Əsaslarında) artıq öz əksini tapsa da, MHBS 18 bu prinsipin maliyyə hesabatlarında məlumatların təqdim edilməsinə tətbiqi ilə bağlı daha ətraflı təlimatlar təqdim edir.

    Standart aşağıdakı məsələlərin müəyyənləşdirilməsi zamanı peşəkar mühakimənin əhəmiyyətini bir daha vurğulayır:
    • məlumatların aqreqasiya və dezaqreqasiya səviyyələri;
    • qeydlərin strukturu və məntiqi ardıcıllığı; 
    • maliyyə hesabatlarının istifadəçiləri üçün faydalı məlumatın təmin olunması baxımından açıqlamaların həcmi və məzmunu.
       
  • Standartların terminologiyasında dəyişikliklər
    MHBS 18 tətbiq olunan standartlar toplusunun rəsmi adlandırılmasını dəqiqləşdirir və vahid terminologiya müəyyən edir.

    Standart aşağıdakı standartları əhatə edən “MHBS Mühasibat Uçotu Standartları” terminini təqdim edir:
    • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları;
    • Mühasibat Uçotunun Beynəlxalq Standartları;
    • BMHŞK Şərhləri; 
    • ŞDK şərhləri.

MHBS Mühasibat Uçotu Standartları əvvəllər Beynəlxalq Maliyyə Hesabatları Standartları, MHBS və MHBS Standartları kimi tanınırdı. MHBS 18 “MHBS Mühasibat Uçotu Standartları” ifadəsini vahid rəsmi termin kimi təsbit edir. Bu yanaşma uçot siyasətlərinin hazırlanmasında, maliyyə hesabatlarının tərtibində və açıqlamalarda istifadə olunan terminologiyanın ardıcıllığının və vahidliyinin təmin edilməsinə kömək edir.

MHBS 18-ə hazırlığa indidən başlamaq nə üçün vacibdir?

MHBS 18-in məcburi tətbiqi 1 yanvar 2027-ci il tarixindən başlasa da, onun tətbiqi aşağıdakı istiqamətlərdə əhəmiyyətli hazırlıq işlərinin aparılmasını tələb edəcəkdir:

  • maliyyə hesabatlarının format və strukturunun yenidən nəzərdən keçirilməsi;
  • gəlir və xərc maddələrinin təsnifatının təhlili;
  • rəhbərlik tərəfindən müəyyən edilmiş performans göstəricilərinin
  • qiymətləndirilməsi;
  • uçot siyasətlərinin yenilənməsi;
  • auditorlar və maliyyə hesabatlarının əsas istifadəçiləri ilə koordinasiyanın təmin
  • edilməsi.

Hazırlıq işlərinə erkən başlanılması potensial tətbiq risklərinin minimuma endirilməsinə və MHBS 18-ə keçidin daha səmərəli və ardıcıl şəkildə həyata keçirilməsinə imkan verəcəkdir.

Sizə Necə Dəstək Ola Bilərik?

Komandamız MHBS 18-in tətbiqi ilə bağlı həm metodoloji, həm də praktiki dəstək göstərir. Xidmətlərimizə aşağıdakılar daxildir:

  • MHBS 18-in müəssisənin maliyyə hesabatlarına təsirinin qiymətləndirilməsi;
  • maliyyə hesabatlarının strukturunun və təqdimat formatının nəzərdən keçirilməsi;
  • rəhbərlik tərəfindən müəyyən edilmiş performans göstəriciləri üzrə açıqlamaların qiymətləndirilməsi və hazırlanması;
  • MHBS Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq uçot siyasətlərinin yenilənməsi; 
  • MHBS 18-ə keçid prosesi ərzində müəssisələrə hərtərəfli dəstəyin göstərilməsi.

Əlavə məlumat və ya suallarınız yarandığı təqdirdə, +994 12 490 7020 nömrəsi vasitəsilə Amina Mustafayeva ilə əlaqə saxlaya bilərsiniz.